Müsəlman tacirin söykənəcəyi dörd dayaq

2018.11.03    534

الحمد لله ربِّ العالمين، والعاقبة للمتقين، وأشهد أن لا إلـٰه إلَّا الله وحده لا شريك له، وأشهد أنَّ محمَّدًا عبده ورسوله؛ صلى الله وسلَّم عليه وعلى آله وأصحابه أجمعين. أما بعد:

Əziz müsəlmanlar, hamınıza, eləcə də özümə Allahdan qorxmağı və Peyğəmbərin –sallallahu aleyhi va səlləm- yolunu tutub getməyi nəsihət edirəm!

Bu gün biz sizə hər bir müsəlman tacirin söykənəcəyi dörd dayaq ba­rə­də danışacağıq. Bu xüsusda Rəsulullah –sallallahu aleyhi va səlləm-  demişdir: “Dörd xislət var­dır ki, bun­lar sənə bəxş edilsə, dünyada itirdiyin şeylər sə­nə zərər yetirməz: gözəl əx­laqlı olmaq, təmiz ruzi qazan­maq, düz danışmaq və əma­­nə­ti qorumaq.”

Bu hədis ticarət xüsusunda insanların əxlaqını düzəldən, böyük fəsad­la­rı aradan qal­dıran və insanlar arasında xoş münasibət yaradan möhtə­şəm bir hədisdir. Bu hədis, alış-verişlə məşğul olub qazanc əldə etmək is­tə­yən hər bir müsəlmanı xeyir-bə­rəkət əldə etməyə çağırır. Hədisdə qeyd edilmiş dörd xislət ticarət əxlaqının əsası he­sab edilir. Bu əsaslar olmadan ti­ca­rətdə xeyir-bərəkət əldə etmək mümkün deyil. Çünki Peyğəmbər –sallallahu aleyhi va səlləm- bu­­rada “sənə zərər yetirməz” deyir. Demək, bu xislətlərdən biri olmadığı təq­dirdə, apa­rı­lan ticarət, sahibini ziyana salır. Odur ki, hər bir müsəlman tacir bu hədisi qulağında sırğa et­məli və bu xislətləri yerinə yetirməlidir ki, xeyir-bərəkətə nail olsun. Peyğəmbərin –sallallahu aleyhi va səlləm-  bu hədisini tacirlər arasında yay­maq lazımdır ki, adam öz əməllərini düzəltsin, alış-verişində dürüst olsun və beləliklə də, xeyir-bərəkətə nail olsun.

Hədisdə keçən bi­rin­ci xislət – “gözəl əxlaq”dır.

 Yəni ticarət əsnasında insanlarla ədəb-ərkanla davranmalı, onlara xoş söz söyləməli, gülərüzlü olmalı və s. Özünüz fikirləşin, adam dünya malı qazandığı halda, əxlaqını korlayarsa, səmərəli qazanc əldə etmiş sayılarmı? Əlbəttə ki, yox! Uşağa əv­­­vəlcə ata-ana, sonra da məktəb gözəl tərbiyə verir ki, cəmiyyət üçün xe­yirli vətəndaş olsun. Və əgər adam şeytana uyub dünya malı xatirinə tər­bi­­yə­siz­lik edərsə, qazandığının xeyir-bərəkətini itirər. Demək, ən xeyirli mü­­səl­man­­lardan olmaq, habelə, bu dünyada və Axirətdə uğur qa­zanmaq və səadətə qovuşmaq üçün gözəl əxlaq sahibi olmaq gərəkdir. Peyğəmbər –sallallahu aleyhi va səlləm-  gözəl əxlaqın məziyyəti barədə belə buyur­muşdur: “Sizin ən xeyirli­niz əxlaqı ən gözəl olanları­nız­dır!” Digər hədisdə o, demişdir: “Mö­min adam öz gözəl əxlaqı ilə gündüzləri oruc tu­tub, gecələri namaz qılan kimsənin dərəcəsinə yüksəlir.” Başqa bir hədisdə o belə buyur­muş­dur: “Sizin mənə ən sevimli və Qiyamət günü məclisinə görə ən yaxın olanınız, əxlaqı ən gözəl olanınızdır.” Yenə bir hədisdə Peyğəmbər –sallallahu aleyhi va səlləm-  demişdir: “Kimə mü­la­yim olmaq nəsib edil­mişsə, ona dünya və Axirət xeyri bəxş edil­miş­dir. Qohumlarla əlaqə saxlamaq, gözəl əxlaqlı olmaq və qonşuya yaxşılıq et­mək, məmləkətləri dirçəldir və ömürləri uzadır.” Yenə bir hədisdə, o belə buyurmuşdur: “İnsanların Cənnətə girməyinə ən çox səbəb olan amil, Allah qorxusu və gözəl əxlaqdır...” Hərçənd, əxlaq barədə bir çox hədislər varid olmuşdur, lakin bunların ən əsası dörddür. İmam İbn Əbu Zeyd əl-Qeyrəvani demişdir: “Əx­laq ədəbləri və onun tutqacları dörd hədisə söykənir: birincisi, Peyğəmbərin –sallallahu aleyhi va səlləm-: “Kim Allaha və Axirət gününə inanır­sa, ya xe­yir danış­sın, ya da sussun” hədisi, ikincisi, onun: “Müsəlmanın İslamının gözəl­li­yin­dəndir ki, özünə aid olmayan iş­ləri tərk etsin” hədisi, üçüncüsü, ondan nəsihət istəyən kimsəyə: “Qəzəb­lənmə”– deyə nəsihət et­məsi və dördüncüsü, onun: “Biriniz özü üçün istə­di­yini mü­­səl­man qar­daşı üçün istəmədikcə, tam şəkil­də iman etmiş olmaz” hədisidir.” İmam Xə­tib əl-Bəğdadi Peyğəmbərin –sallallahu aleyhi va səlləm-  yolunu gedən möminlərin əx­laqı barədə danı­şar­kən demişdir: “Peyğəmbərin –sallallahu aleyhi va səlləm- hədislərini öyrənən kimsələrə va­cib­dir ki, insanların ən ədəblisi, ən təvazökarı, ən düzdanışanı və ən din­darı olsunlar, habelə, yün­güllük etməsinlər və hər şeyə görə qə­zəblənmə­sin­lər. Həmçinin, on­lar Rəsulullahın –sallallahu aleyhi va səlləm- gözəl əxlaqını və ədəbini özündə cəm edən rəvayətləri, onun əhli-beytin­dən və səhabə­lərindən ol­muş əmə­li­saleh sələflərin həyat yolunu özündə əks etdirən, habelə, mü­həd­dislə­rin həyat tərzindən danışan xəbərləri, üstəlik, keçmiş nəslin əvəz­siz xidmətlə­rini davamlı araşdırıb öyrənməlidirlər ki, ən gözəl və ən yaxşı əxlaqa əməl et­sin­lər, ən rəzil və ən pis əxlaqdan uzaq olsunlar.”

Qardaşlar, biləsiniz, səhabələr və onlar ardıcılları, məhz Allahın və Rə­sulunun –sallallahu aleyhi vasəlləm-  buyurduğu gözəl əxlaq sayəsində xeyir-bərəkətə nail olmuş, həm bu dünyada, həm də Axirətdə böyük uğur qazanmışlar.

Mən də, Rəsulullahın –sallallahu aleyhi va səlləm-  bizə öyrətdiyi dua ilə hamımızın adından Allaha yalvarıb deyirəm:

(( اللَّهُمَّ أَحْسَنْتَ خَلْقَنَا فَأَحْسِنْ خُلُقَنَا ))

“Allahım, bizi gözəl biçimdə yaratmısan, əxlaqımızı da gözəlləşdir!”

 

(( اللَّهُمَّ اهْدِنَا لِأَحْسَنِ الْأَخْلَاقِ، لَا يَهْدِي لِأَحْسَنِهَا إِلَّا أَنْتَ، وَاصْرِفْ عَنَّا سَيِّئَهَا،

لَا يَصْرِفُ سَيِّئَهَا إِلَّا أَنْتَ ))

“Allahım, bizə ən gö­zəl əxlaq nəsib et! Onun ən gö­zəlini ancaq Sən bəxş edə bi­lər­sən. Onun pisin­dən bizi uzaq et! Mə­ni onun pisin­dən an­caq Sən uzaq­laş­dıra bilərsən!”

Hədisdə keçən ikinci xislət “təmiz ruzi qa­zan­maq”dır. Allahdan qor­xan müsəlman yal­nız təmiz və halal qazanc əldə etməyə həris olmalı, üs­təlik, haramlardan və şübhəli şeylərdən çəkinməlidir. Səhabələrin kimisi əkinçiliklə, kimisi maldarlıqla, kimisi istehsalatla, kimisi də, ticarətlə məş­ğul olmaqla ruzi qazanardı. Onların hamısı yalnız halal ruzi qa­zanmağa çalışar və haramdan uzaq durardılar. Hətta harama gətirib çıxaran yollar­dan belə çəki­nər­dilər ki, harama girməsinlər. Bu xü­susda, Pey­ğəm­bər –sallallahu aleyhi va səlləm-  de­mişdir: “Halal da bəllidir, haram da bəlli­dir. Bu ikisinin ara­sında şübhə­li şeylər vardır. Kim şüb­həli şeylərdən çəkinsə, di­ni­ni və na­mu­­sunu qoru­muş olar. Kim şübhəli şey­lə­rə dalsa, mal-qarasını qo­ruğun kə­narında ota­ran çoban kimi, çox keç­məz qo­ruğa düşər. Bilin ki, hər bir hökmdarın qo­ru­ğu vardır. Bilin ki, Allahın yer üzündəki qoruğu ha­ram bu­yur­duğu şey­lər­dir.” Başqa bir hədisdə Pey­ğəm­bər –sallallahu aleyhi va səlləm- demişdir: “Ha­ramla bəslənmiş vü­­cud Cəhənnəm oduna daha layiqdir.” Bu hədislərdən aydın olur ki, ha­ram yolla qazanılan mal-dövlət insana xeyir-bərəkət yox, əksinə, bəla gəti­rir, axırda da, onu Cəhənnəmlik edir. Pey­ğəm­bər –sallallahu aleyhi va səlləm-  demişdir: “Kim gü­nah olub-olmadı­ğına şübhələn­diyi bir şeyi tərk etsə, günah olduğu bəlli olan bir şeyi daha qətiyyətlə tərk edər. Kim də, cürət edib günah olub-olmadı­ğına şübhə­lən­diyi bir şeyə ya­xın­laşsa, gü­nah olduğu bəlli olan bir şeyə dal­­­mağa yaxın olar.” Onu da qeyd edək ki, haram yolla qazanc əldə etmiş kim­sənin duası da qəbul olmaz. Bu Pey­ğəm­bər –sallallahu aleyhi vasəlləm-demişdir: “Bir kişi uzun­müddətli bir səfərdə ikən, saçları da dağınıq və toz-torpaq içində olduğu halda, əllərini göyə qaldırıb: “Ya Rəbb, ya Rəbb!”– deyə dua edər. Hal­buki, onun yediyi də, içdiyi də, geydiyi də haramdır, adam haramla bəs­lənmişdir. Beləsinin duası necə qəbul ola bilər?!” Bu hədisdən nəticə çı­xa­ran bir çox alimlər demişlər: “Təmiz ruzi qazan ki, duaların qəbul olsun!”

Yenə, Rəsulullahın –sallallahu aleyhi va səlləm- bizə öyrətdiyi dua ilə hamımızın adından Allaha yalvarıb deyirəm:

 

(( اللَّهُمَّ إِنَّا نَسْأَلُكَ عِلْماً نَافِعاً، وَرِزْقاً طَيِّباً، وَعَمَلاً مُتَقَبَّلاً ))

 

“Allahım, Səndən faydalı elm, təmiz ruzi və məqbul əməl di­lə­yi­rik!”

 

(( اللَّهُمَّ اكْفِنَا بِحَلاَلِكَ عَنْ حَرَامِكَ وَأَغْنِنَا بِفَضْلِكَ عَمَّنْ سِوَاكَ ))

 

“Allahım, halal nemətlərin sayəsində bizi haramdan uzaq et və Öz lüt­fün sayəsində bizi Özündən başqa heç kəsə möhtac etmə!”

Hədisdə keçən üçüncü xislət “düz danışmaq”dır. Bunun əksi yalan da­nış­maq­dır ki, yalançının da, işin­də bə­rəkət olmaz və o, axırda Cəhən­nəmlik olar. Bu xü­susda, Peyğəm­bər –sallallahu aleyhi va səlləm- belə buyur­muşdur: “Yalan, adamı gü­nah işlərə yönəldir. Gü­nah işlər də adamı Cə­hənnəmə aparır. Adam o qədər yalan da­nışır ki, axır­da Allah ya­nında ya­lançı sayılır.” digər hədis­də o demişdir: “Alıcı və satı­cı bir-birindən ayrılanadək ixtiyar sahibidirlər. Əgər onlar düz danışar və aydın­lıq gəti­rərlərsə satıcı malın keyfiyyətini və nöqsanını, alıcı da öz şər­ti­ni və iradlarını bildirərsə, alış-verişləri bərəkətli olar. Yox əgər nəyi isə gizlədər və yalan da­nışarlarsa, alış-verişlərinin bə­rə­kəti gedər.” Başqa bir hədisdə rəvayət edilir ki, Əbu Zərr (Allah ondan razı olsun) demişdir: “Bir gün Pey­ğəm­bər –sallallahu aleyhi va səlləm-: “Üç qisim in­san vardır ki, Qiyamət günü Allah on­ları danışdırma­yacaq, onla­rın üzü­nə baxma­ya­caq­ və onları tə­mi­zə çı­xar­mayacaq­dır. Üstəlik, onları üzücü əzab gözləyir”– dedi, sonra da, buna də­lalət edən ayəni – “Ali-İmran” su­rəsi­nin 77-ci ayəsini üç dəfə təkrar oxu­du. Həmin ayədə Uca Allah belə buyurur:

“Həqiqətən də, Allah ilə olan əhd­lərini və andlarını ucuz qiymətə sa­tan kəslər üçün axi­rət­də heç bir pay yox­dur. Allah on­ları danışdır­ma­ya­caq, Qi­ya­mət günü onların üzünə bax­maya­caq və onları təmizə çı­xar­­ma­yacaq­dır. Onlar üçün ağ­rılı-acılı bir əzab vardır.” Onda mən dedim: “On­ların ­ü­midləri boşa çıxdı, özləri də ziyana uğ­­radılar. Kimlər­dir onlar, ya Rə­su­lullah?” Peyğəmbər –sallallahu aleyhi va səlləm- buyurdu: “Li­basının ətəyini topuq­dan aşa­ğı uza­­dan, ver­di­yini ba­şa qaxan və bir də yalandan and içməklə malını satan kim­sələr.” Bu hədislərdən aydın olur ki, ya­lan da­nış­ma­ğın heç bir xeyri yoxdur. Düz danışmaq isə həmişə adama xeyir gətirib. Düzgün adamın yeri, əlbəttə ki, Cənnətdir. Bu xüsusda Uca Allah belə buyurur:

“Allah buyurur: “Bu, doğru da­nışan­la­ra doğruluqlarının fay­da ve­rəcəyi gün­dür! Onlar üçün ağacları altından çay­lar axan və için­də əbədi qalacaq­ları Cən­nət bağları hazırlan­mışdır.” Allah on­­lardan razı­dır, on­lar da Allah­dan razıdır­lar. Bu, böyük uğur­dur.”

Həmçinin, Peyğəmbər –sallallahu aleyhi va səlləm- belə buyurmuşdur: “Altı şeyi ye­rinə yetirəcə­yi­nizə dair mənə zəmanət verin, Cənnətə girəcəyinizə dair sizə zəmanət ve­rim: danışdıqda düz da­nışın, vəd verdikdə onu yerinə yetirin, sizə əma­nət ve­ri­lərsə, onu yiyəsinə qay­ta­rın, ayıb yerlərinizi zinadan qoruyun, gö­zü­nüzü haram bu­yuru­lanlardan çə­kin və bir də əlinizlə heç kəsə əziy­yət verməyin.” Başqa bir hədisdə o demişdir: “Doğ­ru­ söz danışın! Çünki doğ­ruluq adamı yaxşı işlər görmə­yə yö­nəldir. Yaxşı işlər isə adamı Cənnətə aparır. Həqiqətən, adam o qə­dər doğru danışır ki, nəhayət, Allah yanında doğruçu sayılır.” Bu hədislərdən açıq-aydın görünür ki, doğru danışan­la­rın yeri Cənnət, yalançıların yeri isə Cəhənnəm olacaq.

Allah bizi birincilərdən etsin!

Yenə, hamımızın adından Allaha yalvarıb deyirəm:

(( اللَّهُمَّ إِنَّا نَسْأَلُكَ كَلِمَةَ الْحَقِّ فِي الرِّضَا وَالْغَضَبِ ))

“Allahım, Sən­dən, istər razılıq, istərsə qəzəb anında haqq söz söylə­mə­yimizi di­lə­yi­rik.”

Hədisdə keçən dördüncü xislət “əmanəti qorumaq”dır. Yəni müştəri­yə kəf gəlməmək, ölçüdə və çəkidə aldatmaq, zay malı yaxşı mal adıyla sı­rı­maq və s. Yenə bir hədisdə Peyğəmbər –sallallahu aleyhi va səlləm- demişdir: “Xalqı çəkidə və öl­çü­də al­da­dan­lara quraqlıq və qıtlıq üz verəcək, özləri də, rəhbərlərinin təzyiq­lə­rinə məruz qalacaqlar.” Demək, nəfsinin istəklərinə uyub öz işinə etina­sız yana­şan və Allahdan qorx­mayan adam, bu dünyada nə isə qazandığını güman etmiş olsa da, əslində, o, ziyana uğrayar, həm bu dün­yada, həm də Axirətdə həlak olar. Bu xüsusda, Peyğəmbər –sallallahu aleyhi vasəlləm- belə buyurmuşdur: “Bizi al­dadan kəs bizdən deyil. Hiylə qurmaq və kəf gəlmək, adamı atəşə girif­tar edər.” Rəsulullahın –sallallahu aleyhi vasəlləm- bu sözündən aydın olur ki, alış-verişdı kəf gəl­mək və hiylə qurmaq adamı Cəhənnəmə aparan amillərdəndir. Hədislərin birində Rəsulullah –sallallahu aleyhi va səlləm- hiyləgər və al­çaq adamları fasiq adlandırmışdır. Bu  iki xislət isə dünyapərəst, tamahkar və paxıl adamlara xas olan sifətlər­dən­­dir. Belə alçaqların məq­sədi ancaq dünyanı qazanmaq və nəyin baha­sı­na olursa olsun, nəfsi­nin istəklərinə nail olmaq olur. Yeri gəlmişkən qeyd edək ki, çox vaxt bazarlarda belə hiylələrə rast gəlmək olur. Bazarlar barədə Rəsulullah –sallallahu aleyhi vasəlləm- demiş­dir: “Şəhərlərdə Allahın ən nifrət etdiyi yer ba­zar­la­rıdır.” Bazarlar­da insanlar bir-birini aldatdığına, sələm alıb-verməklə məşğul olduqlarına, malı satmaq üçün dəfələrlə yalandan Allaha and içdiklərinə, çox vaxt vədlərinə xilaf çıxdıqlarına, ələlxüsus da Allahı zikr etməkdən yayındıqlarına və başqa bu kimi gü­nahlar etdiklərinə görə bu yerlər Allahın ən nifrət etdiyi yerlər sayılır. Elə bu səbəbdən də, Peyğəm­bər –sallallahu aleyhi va səlləm- müsəlmanlara bazara daxil olduqda Allahı zikr etməyi tövsiyə et­miş­dir. Hədislərin birində Peyğəmbər –sallallahu aleyhi vasəlləm- belə buyurmuşdur: “Hər kim bazara daxil olduqda:

(( لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، يُحْيِي وَيُمِيتُ وَهُوَ حَيٌّ لاَ يَمُوتُ، بِيَدِهِ الْخَيْرُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ))

“Allahdan başqa ibadətə layiq məbud yox­dur, O tək­dir, Onun şəri­ki yoxdur. Mülk Onundur və həmd Ona məxsusdur! Di­rildir və öldürür. O diridir və öl­məz­dir. Xeyir onun Əlindədir və O, hər şe­yə Qadirdir!”– desə, Allah ona bir milyon savab yazar və onun bir mil­yon günahını silər.”

Bazarda belə, Allahı yada salmaq ancaq mömin adamlara nəsib olur. Uca Allah onları belə tərif edir:

“Mömin kişilər məscidlərdə səhər-ax­şam Allaha təriflər de­yirlər. O ki­şi­lər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etmək­dən, na­maz qıl­maq­dan və zəkat verməkdən ya­yın­dır­mır. On­lar qəlb­lərin və göz­lə­rin çev­ri­lə­cə­yi bir gündən qor­xurlar. Bu ona görədir ki, Allah onları, et­dikləri əməl­lərin ən gö­zəli ilə müka­fat­landırsın, on­lara olan lütfünü artır­sın. Allah istə­diyinə hesab­sız ruzi verir.”

Yenə, Rəsulullahın –sallallahu aleyhi va səlləm- bizə öyrətdiyi dua ilə hamımızın adından Allaha yalvarıb deyirəm:

(( اللَّهُمَّ نَعُوذُ بِكَ مِنَ الْخِيَانَةِ، فَإنَّهَا بئْسَتِ الْبِطَانَةُ ))

“Allahım, biz, xəyanət etməkdən Sənə sığınırıq! Həqiqətən də, xəyanət, batində olan pis bir xislətdir.”

Bu danışdıqlarımızın xülasəsi budur ki, ticarətdən qazanılan malın xe­yirli-bərkətli ol­ma­sı üçün gözəl əx­laqlı olmaq, təmiz ruzi qazan­maq, düz danışmaq və əma­­nə­ti qorumaq gərəkdir.

Sonda hamımızın adından Rəbbimizə dua edib deyirəm: Allahım, Sən­dən azalmayan iman, tükən­mə­yən nemət və əbədi ola­raq Cənnətin ən yük­sək təbəqəsində Muhəmməd səllallahu aleyhi və səl­lə­min yanında ol­ma­ğımı diləyirik!

سُبْحَانَكَ اللهُمَّ، وَبِحَمْدِكَ أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا أَنْتَ، أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ

اللهم صلِّ وسلِّم على عبدك ورسولك نبينا محمد وآله وصحبه أجمعين

وصلى الله وسلَّم على عبد الله ورسوله نبينا محمد وآله وصحبه أجمعين

Ticarətdə şəri testlər
Biliyini sına
Zəkatın hesablanması qaydasın
Ətraflı
Halal ruzi qazanmağın 17 yolu
  1. Allaha iman gətirmək və Allahdan qorxmaq;
  2. Allaha təvəkkül etmək;
  3. Səbr etmək;
  4. Allaha dua etmək;
  5. Yalnız Allaha möhtac olmaq;
  6. Allaha şükür etmək;
  7. Allahdan bağışlanma diləmək;
  8. Qohumlarla əlaqə saxlamaq;
  9. Allahın verdiyi ruzidən Onun yolunda xərcləmək;
  10. Həcc və ümrə ziyarətini yerinə yetirmək;
  11. Ailə qurmaq;
  12. Hicrət etmək;
  13. Dünyaya könül bağlamamaq;
  14. Dünya işlərini günün birinci yarısında görmək;
  15. Müsəlmanlara yardım etmək;
  16. Faydalı işlərlə məşğul olmaq;
  17. Peyğəmbərə (səlləllahu aleyhi və səlləm) salavat oxumaq;