Tacirin əxlaqı (3)

2019.04.04    208

Müsəlman tacirin əxlaqi keyfiyyətləri

(3-cü məqalə)

(əvvəli öncəki məqalədə)

9 – Səhər erkən oyanıb ruzi tələb etmək: Müsəlman tacirin səhər erkən yuxudan oyanaraq halal ruzi tələb etməsi necə də gözəldir. Çünki bununla o, Muhəmmədin (sallallahu aleyhi va səlləm) sünnəsinə tabe olmuş olur. Tirmizi Saxr əl-Ğamididən (radiyallahu ənhu) Peyğəmbərin belə dediyini rəvayət etmişdir: “Allahım, mənim ümmətimə erkən vaxtlarında bərəkət ver.” Dedi: Beləliklə o, harasa bir ordu göndərdikdə səhər tezdən göndərərdi. Hədisi rəvayət edən Saxr da tacir birisi idi. Ticarət üçün də kimisə göndərdikdə səhər göndərər, həmin adamın da ruzisi başından aşardı. (Səhih hədisdir) Albaninin Səhih ət-Tirmizi əsəri, (968). Ümumiyyətlə səhər erkən yuxudan oyanan şəxs fikrini daha yaxşı cəmləyir, işlərini daha tez başlayıb tez də bitirir və daha məhsuldar iş görmüş olur ki, bu da məhz bu vaxta verilmiş bərəkətin sayəsində olur.

10 – Yaxşı işlərə dəvət edib, pis işlərdən çəkindirmək, hikmətlə gözəl moizə vermək: Müsəlman tacir gərək etdiyi ticarətlə bərabər insanları bacardığı qədər hikmətlə və gözəl sözlərlə Uca Allahın yoluna dəvət etsin, onları pis işlərdən çəkindirsin. Uca Allah Qurani Kərimdə buyurur: “Siz insanlar üçün üzə çı­xa­rılmış ən xeyirli üm­mət­si­niz; on­la­ra yaxşı işlər gör­məyi əmr edir, pis əməlləri qa­dağan edir və Alla­ha iman gəti­rir­si­niz.” (Ali İmran surəsi, 110-cu ayə). Bəzi sələflər demişdir: “Bu ümmət məhz bu sifətinə (yaxşılığı əmr edib pislikdən çəlindirdiklərinə) görə digər ümmətlərdən üstün edilmişdir”. Başqa bir ayədə isə buyurur: İnsanları Rəbbinin yo­luna hik­mətlə, gözəl öyüd-nə­sihətlə də­vət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şüb­həsiz ki, Rəb­bin azğınlığa dü­şənləri də, doğru yolda olan­la­rı da yaxşı tanı­yır.” (ən-Nəhl surəsi, 125-ci ayə). İmam Muslim Əbu Səid əl-Xudridən (radiyallahu ənhu) Rəsulullahın (sallallahu aleyhi va səlləm) belə dediyini rəvayət etmişdir: “Sizlərdən kim bir münkər əməl görərsə onu əli ilə, bacarmasa dili ilə, yenə bacarmasa qəlbi ilə onu dəyişdirsin. Bu isə imanın ən zəif olanıdır.” Muslim (49). Sonra da bilmək lazımdır ki, bir insanın sənin vasitənlə hidayətə gəlməsi, sənin üçün bu dünyadakı ən bahalı minikdən daha  xeyirlidir. Peyğəmbər (sallahu aleyhi və səlləm) Allaha and içərək, Əliyə (radiyallahu ənhu) belə demişdir: “Allaha and olsun ki, sənin əlinlə bir insanın hidayətə gəlməsi, sənin üçün qırmızı dəvələrdən daha xeyirlidir.” Alimlər bu hədisin şərhində deyirlər ki, qırmızı dəvə Peyğəmbərin (sallahu aleyhi və səlləm) vaxtında ən bahalı minik sayılırdı. Bunu da dövrümüzdəki, ən bahalı nəqliyyat vasitəsi ilə müqayisə etmək olar.

11 – Şübhəli məsələlərdən uzaq olmaq: Müsəlman tacir gərək halal və haram məsələləri, habelə şübhəli məsələlər barəsində bilmədiklərini elm əhlindən soruşub öyrənsin. Buxari və Muslimin “Səhih” əsərlərində Noman ibn Bəşirdən (radiyallahu ənhu) rəvayət olunan hədisdə o, Peyğəmbərin (sallallahu aleyhi va səlləm) belə dediyini eşitmişdir: “Həqiqətən halal da bəllidir, haram da. Onların arasında (halal və ya haramlığı bəlli olmayan) şübhəli şeylər vardır ki, bir çox insanlar bunu bilməzlər. Kim şübhəli şeylərdən çəkinərsə, dinini və namusunu qorumuş olar. Kim ki, şübhəli şeylərə düşərsə, harama düşmüş sayılar. Onun halı qoruğun ətrafında sürüsünü otaran çobana bənzəyir ki, az qala (sürü) qoruğa girsin. Bilin ki, hər bir hökmdarın qadağa bölgəsi (qoruğu) vardır. Allahın qoruğu isə Onun qoyduğu qadağalardır (haramlardır). Bunu da bilin ki, bədəndə bir ət parçası vardır. Əgər o sağlam olarsa, bütün bədən də sağlam olar. Yox əgər o fəsada uğrayarsa, bütün bədən də fəsada uğrayar. Bilin ki, o (ət parçası) qəlbdir.” Buxari (52), Muslim (1599).

12 – Alış-veriş zamanı Allaha and içməkdən çəkinmək: Müsəlman tacir doğru söz söylədikdə belə Allaha and içməkdən çəkinməlidir. Çünki Peyğəmbər (sallallahu aleyhi va səlləm) ticarət zamanı bizlərə and içməyi qadağan etmişdir. Muslimin “Səhih” əsərində Əbu Hureyradan (radiyallahu aənhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “And içmək malı tələf, qazancı isə bərəkətsiz edər.” Muslim (1606). Odur ki, müsəlman tacir gərək alış veriş zamanı and içməkdən çəkinsin. Uca Allah öz kitabında buyurur: Həqiqətən də, Allah ilə olan əhd­lərini və andlarını ucuz qiy­mətə satan kəslər üçün axi­rət­də heç bir pay yox­dur. Allah on­la­rı danışdır­mayacaq, Qi­ya­mət günü onların üzünə bax­maya­caq və onları təmizə çı­xar­­ma­yacaq­dır. Onlar üçün ağ­rılı-acılı bir əzab var­dır.” (Ali İmran, 77-ci ayə).

 

(ardı var)

 

Ticarətdə şəri testlər
Biliyini sına
Zəkatın hesablanması qaydasın
Ətraflı
Halal ruzi qazanmağın 17 yolu
  1. Allaha iman gətirmək və Allahdan qorxmaq;
  2. Allaha təvəkkül etmək;
  3. Səbr etmək;
  4. Allaha dua etmək;
  5. Yalnız Allaha möhtac olmaq;
  6. Allaha şükür etmək;
  7. Allahdan bağışlanma diləmək;
  8. Qohumlarla əlaqə saxlamaq;
  9. Allahın verdiyi ruzidən Onun yolunda xərcləmək;
  10. Həcc və ümrə ziyarətini yerinə yetirmək;
  11. Ailə qurmaq;
  12. Hicrət etmək;
  13. Dünyaya könül bağlamamaq;
  14. Dünya işlərini günün birinci yarısında görmək;
  15. Müsəlmanlara yardım etmək;
  16. Faydalı işlərlə məşğul olmaq;
  17. Peyğəmbərə (səlləllahu aleyhi və səlləm) salavat oxumaq;